İsmayıllının toponimləri


İsmayıllı rayonu  1931-ci ildə yaranmışdır.
Sahəsi  -  2074 kv.km
Əhalisi  - 78 min
Şəhər - 1
Qəsəbə  -  2
Kənd  - 100-ə yaxın


Ağbulaq kəndi – Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi tayfasının qışlaq yerinin adı olmuşdur. Kənd  XIX əsrin sonlarında  həmin tayfaların burda məskunlaşması nəticəsində yaranıb.

Aşağı  Zərnəva kəndi – Girdiman  çayı sahilində, İlandağ silsiləsinin ətəyindədir. Kənd ərazisindəki Zərnava  bulağının adı ilə adlanmışdır.

Aşıqbayramlı  kəndi – Dəvəbatan çayının sahilindədir. XIX əsrin  ortalarında  Şamaxı qəzasında yaşamış, mənşəcə indiki  Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra bu ad kəndə verilmişdir.

Bağəli kəndi – XIX əsrdə Lahıcdan çıxmış ailələrin burda məskunlaşması nəticəsində yaranıb. “Əlinin  bağı” deməkdir.

Balik kəndi – Toponim qədim türk dilli abidələrdə qeyd olunmuş “şəhər” mənasında işlənən Balik sözü ilə əlaqəlidir.

Basqal qəsəbəsi - Niyaldağ silsiləsinin ətəyindədir. Toponim türk dillərindəki basqı (mənbə, bulaq) və yal (dağ yalı) sözlərindən olub "yaldakı bulaq” mənasınıdadır. Adı  etnonimlədə bağlayanlar var.

Bilistan kəndi – Toponim tat dilindəki bil (sucaq yer, bataqlıq, çökəklik) və stan (yer, məkan) sözlərindən (-i birləşdirici şəkilçidir) ibarət olub, "çökəklik(sucaq)yer” mənasındadır.

Bəhliyan kəndi – tat dilindəki bəhli (gilas) və an (yer) sözlərindən ibarət olub, “gilaslı yer” mənasındadır.

Bizlan kəndi – toponim  qədim İran dillərindəki  viş (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, “divarla əhatə olunmuş ev” mənasındadır.

Buynuz kəndi – Buynuz dağının ətəyində Alazan - Əyriçay çökəkliyindədir. Kənd Buynuz dağının adı ilə adlandırılmışdır. Dağın adı isə uzaqdan  formasına görə mal buynuzuna oxşaması ilə əlaqədardır.

Burovdal kəndi – Yaşayış məntəqəsi yerli əhali arasında Babadərəsi  Pirədərə adlanır. Kənd öz adını eyni  dağın adından almışdir.

Çayqovuşan kəndi – Baş Qafqaz silsiləsinin ətəyində, Qalacıq çayının (Göyçayın qolu) sol, Başnov çayının sağ sahilində yerləşir.Kənd həmin çayların qovuşduğu sahadə (çayqovuşanda) salındığı üçün belə adlandırılmışdır.

Çəndahar kəndi – Yaşayış məntəqəsi yaxınlığındakı olan qayanın adı ilə belə adlanmışdır. "Çənli qaya, dumanlı qaya” mənasındadır.

Vəng kəndi – toponim “kilsə, məbəd” mənasındadır. Vaxtilə bu ərazidə yaşayan qədim albanlar xiristianlığı qəbul etmişlər. Kəndin ərazisində kilsə xarabalıqları var. Ümumiyyətlə, respublika ərazisində mövcud olan xiristian məbədlərini  azərbaycanlılar vəng  adlandırırlar.

Qalagah kəndi – kəndin ərazisində V-VI əsrlərə aid olan  və xarabalıqları yerli əhali içərisində Qız qalası adlandırılan qədim qalanın adı ilə bağlıdır.

Qalacıq kəndi  - kəndin  yaxınlığındakı Qalacıq adlı orta əsrlərə məxsus  müdafiə istehkamının adı ilə bağlıdır. Əhali qalaya “Səngər yeri” də deyir. Toponim “kiçik qala” mənasındadır.

Qalıncaq kəndi – sıx meşəli ərazidə salındığına görə belə adlandırılmışdır. Toponim “sıx meşəli ərazi” mənasındadır.

Qaraqaya kəndi – kəndin yerləşdiyi yamacın yuxarısında  Qaraqaya adlı böyük qaya var. Kəndin  adı da  həmin qaya ilə əlaqədardır.

Qarakolluq kəndi – toponim qara (burda “çoxluq” mənasındadır), kol sözlərinin və -luq məkan çəkilçisinin birləşməsindən ibarət olub, “çoxlu kol kos olan yer, xırda meşəlik, kolluq yer” deməkdir.

Qoydan kəndi – Kuyidan sözünün təhrif olunmuş fomasıdır. Toponim tat dilindəki (dağlı) sözündən və cəm bildirən-an şəkilçisindən ibarətdir. "Dağlılar” mənasını bildirir.

Qurbanəfəndi kəndi  - yaşayış məntəqəsi  Qurban Əfəndi adlı ruhani bir şəxsə məxsus ailələrin məskunlaşması nəticəsində yarandığına  görə belə adlanmışdır.

Quşencə kəndi – kəndin adı təhrifə uğramışdır. XIX əsrə aid sənədlərdə Quşçu və Yengicə kimi qeyd olunan toponimin birinci tərəfi  quçu etnonimindən, ikinci tərəfi isə “yeni” mənasında işlədilən yengicə sözündən ibarətdir. Deməli, "yeni quşcu kəndi" mənasını bildirir.

Dahar kəndi – tat dilində dahar “qaya” deməkdir.

Diyallı kəndi – toponim di (tatca “iki”) və yal komponentlerindən ibarət olub “iki yallı yerde salınan kənd” mənasındadır. Həqiqətəndə kəndin şimalında iki qoşa zirvə, yal vardır. Toponim  öz adında coğrafi mövqeyi əks etdirmişdir.

Əyyubbəyli kəndi – Kəndin ailələri Əyyubbəyli adlı şəxsin rəyyəti olduğuna görə kənd belə adlanır.

Əhən kəndi – Əhən tat dilində “dəmir” mənasını bildirir. Kəndin adı onun əhalisinin qədimdən dəmirçiliklə məşğul olması ilə əlaqədardır.

İvanovka kəndi – çar hökumətinin köçürmə siyasəti  nəticəsində 1840 - cı ildə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmələr məskunlaşmışdır. Toponim  köçürmə kampaniyasına başçılıq edən rus polkovnikinin adını daşıyır.

İstisu kəndi – Qalacıq çayının qollarından biri olan İstisu çayının sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. 

Külüllü kəndi – bəzi tədqiqtçılara görə, əsl adı Kühüllü olmuşdur. Keçmişdə kühül sözü “yeraltı yaşayış məntəqəsi” mənasında işlədilirdi. Başqa bir fikrə görə,kəndin adı kühül bitgisinin adındandır.

Keyvəndi kəndi - keçmişdə Dağıstanın cənubundakı  Keyvən kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Keyvən kəndi" mənasındadır.

Kürdeldarbəyli kəndi – XIX əsrdə Eldarbəy adlı birisinə mənsub olan və maldarlıqla məşğul olan kürd ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Eldarbəyliyə mənsub kürdlər” mənasındadır. 

Kürdmaşı kəndi – kəndin adı qurd (igid) sözündən və Maşı şəxs adından ibarətdir.

Gəndov kəndi – Yaşayış məntəqəsi yaxınlıqdakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.

Göytəpə kəndi – kənd Göytəpə adlı ərazidə salındığı  üçün belə adlandırılmışdı.
Lahıc – rayonda şəhər tipli qəsəbə. Girdiman çayının sahilində, Lahıc çökəkliyində yerləşir. Məlumatlara görə lahıclar sasani şahı Xosrov Ənuşirəvanın dövründə (531-579) İranın Lahican əyalətindən köçüb gəlmişlər.

Minkə kəndi – bir fikrə görə, kəndin adının tat dilindəki minkə (orta, mərkəz, aralıq) sözündən olması güman edilir. Digər fikrə görə isə qədim türkdilli min (minq) tayfasının adı ilə bağlı olub "minglər”, yaxud ming yeri mənasını verir.

Müşgəmir kəndi –Toponimi ehtimal şəklində şəxs adı ilə bağlayırlar.

Mollaisaqlıkəndi  - Quba rayonunu Haput kəndindən gəlmiş Molla İsaq  adlı birisinə mənsub ailələrin məskunlaşması nəticəsində  və onun adı ilə adlanmışdır.

Namazgah kəndi – Toponimin hərfi mənası “namaz qılınan yer” deməkdir.

Pirəbülqasım kəndi – Toponim pir və Əbülqasım (şəxs adı) sözlərindən ibarət olub, Əbülqasım piri mənasındadır.

Ruşan kəndi – Ruşi fars dilində “dağ keçidi” deməkdir, -an isə məkan bildirən şəkilçidir. "Dağ keçidi yeri, dağ keçidi olan yer” deməkdir.

Soltankənd – toponim Soltan (şəxs adı) və kənd sözlərindən ibarət olub, "Soltanın kəndi, Soltana məxsus kənd” mənasındadır.

Sulut kəndi – toponim eyni adlı çayın adı ilə bağlıdır.

Sumağallı kəndi – Kəndin yerləşdiyi ərazidə çoxlu sumaq kollarının olması ilə bağlıdır.

Tağlabiyan kəndi – Tədqiqatçıların fikrincə, toponim özündə tağla (Azərbaycanın qədim təklə tayfasının adının tələffüzdə təhrif edilmiş forması ) və biyan ( bitgi adlanan) sözlərindən ibarətdir    

Talıstan kəndi – Bəzi tədqiqatçıların fikrinə görə, tala (meşədə açıq sahə) və İran dillərindəki stan (yer, məkan) sözlərindən ibarət olub, “tala olan yer, tala yeri, talalı sahə” mənasındadır. Rayon ərazisində eyni adlı çay da var.
 
Tircan kəndi – bəzi  tədqiqatçılara görə toponim monqol dilindəki tərqən (alaçıq düzəldənlərin başçısı, keçmişdə saraylarda vəzifə) sözünün təhrif olunmuş formasıdır.

Topçu kəndi – Azərbaycan dilinin dialektlərində işlənən top (meşə) və içi (içərisi, daxili) komponentlərindən yaranıb, "meşənin içərisində salınmış kənd” mənasını verir .Kənd həqiqətəndə meşə içərisindəki talada salınmışdır.

Uştalqışlaq kəndi – Uştal (kənd adı) və qışlaq komponentlərindən ibarət olub, "Uştal kəndinin qışlağı, uştallılara məxsus qışlaq” mənasındadır.

Xanagah kəndi – kəndin adi əvvəl orda mövcud olmuş ibadətgahın adı ilə əlaqədardır. Xanagah (ziyarətgah, pir və müqəddəs qəbir ətrafında tikililər, zəvvarlara məxsus tikili qrupu) sözündəndir.

Xankəndi kəndi – toponim xan və kənd sözlərindən ibarət olub, "xana məxsus kənd” mənasındadır. Mustafa xana məxsus ailələrin məskunlaşması nəicəsində yaranmışdır.

Hapıtlı kəndi – Mənşəcə Hapıt Kəndindən (Quba rayonu) köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.

Hacıhətəmli  kəndi – XIX əsrin əvvəllərində Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacı Hətəm bu məntəqənin əsasını qoymuş haputluların başçısının adı olmuşdur, onun adı ilə adlanmışdır.

Həftəsov kəndi - Əsl adı Həftəsiyabdır. Toponim tat dilindəki həft (yeddi), -ə (birləşdirici sait), sov (əslində siyab, yəni "qara su”) komponentlərdən ibarətdir. "Yeddi qara su mənbəyi, bulağı” mənasındadır.

Şirvanmeşə  kəndi – Göyçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Şirvan meşə kombinatı  yanında salındığına görə  belə adlandırılmışdır.

Zeyvə kəndi - Zeyvə ərəb dilindəki zaviyə sözu ilə eyni köklüdür  və “hücrə", "ibadətgah" , "guşə” mənalarında işlədilir.

Zərnava kəndi – Kənd ərazisindəki  Zərnova mineral bulağının adı ilə adlanmışdır.

Zoğallıq kəndi – Kənd zoğallıq (zoğal ağacları bol olan sahə) ərazidə salındığı üçün belə adlandırılmışdır.

1 comment:

  1. BABADAGA BAXAN ELLER KITABINDA DAHA ETRAFLI MELUMAT VERILIB BU HAQDA

    ReplyDelete